image

“Kiber suverenlik və dövlət təhlükəsizliyi” mövzusu üzrə panel müzakirələri təşkil olunub

24.05.2025

“Kiber suverenlik və dövlət təhlükəsizliyi” mövzusu üzrə panel müzakirələri təşkil olunub

21 may 2025-ci ildə Naxçıvan şəhərində təşkil olunmuş “Kiber Suverenlik” konfransının birinci paneli “Kiber suverenlik və dövlət təhlükəsizliyi” mövzusuna həsr olunub. Panel müzakirələri AKTA-nın idarə heyətinin sədri Pənah Musayevin moderatorluğu ilə baş tutub.

 

Paneldə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin əməkdaşı Elvin Balacanov qeyd edib ki, kiber suverenliyin təmin olunması, dövlətin rəqəmsal müstəqilliyinin və milli təhlükəsizliyinin əsas sütunlarından biri kimi, Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin fəaliyyətinin prioritet istiqamətləri arasındadır. O bildirib ki, Mərkəz tərəfindən kibertəhdidlərə qarşı mübarizə, eləcə də kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması, normativ tənzimləmə mexanizmlərinin formalaşdırılması, habelə milli həll və texnologiyaların təşviqi və qeyd olunan sahədə xaricdən asılılığın azaldılması, həmçinin rəqəmsal suverenliyin qorunması üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, kadr potensialının inkişaf etdirilməsi, elmi tədqiqatların dəstəklənməsi istiqamətləri üzrə sistemli və davamlı fəaliyyət həyata keçirilir.

 

Daha sonra, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov paneldə çıxış edərək sözügedən istiqamətlərdə Xidmətin fəaliyyəti barədə ətraflı məlumat verib. O, dövlət qurumlarına yönəlmiş kiberhücumlara, o cümlədən informasiya sızması kimi hallara qarşı beynəlxalq təcrübə də nəzərə alınmaqla həyata keçirilən mübarizə metodları və əldə edilmiş nəticələr, habelə digər qurumlar, eləcə də təhsil müəssisələri ilə birlikdə həyata keçirilən layihələr barədə məlumat verib.

 

Paneldə çıxış edən Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Xidmətinin rəisinin müavini Fərman Məmmədov tərəfindən Xidmətin kibertəhdidlərə və kiberinsidentlərə qarşı mübarizə fəaliyyəti və tətbiq edilən metodlar barədə məlumat verilib. Bununla yanaşı, F. Məmmədov müvafiq kadr bazasının formalaşdırılması və təkmilləşdirilməsi kimi məsələlərə toxunub, eləcə də zabitlərin beynəlxalq təlimlərdə göstərdiyi yüksək nəticələri diqqətə çatdırıb.

 

Daxili İşlər Nazirliyinin İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov Nazirlik tərəfindən ölkədə kiber suverenliyin təmin olunması istiqamətində həyata keçirilən fəaliyyət, habelə kiber talamalara və kibercinayətkarlığa qarşı mübarizə barədə məlumat verib. O, həmçinin Nazirliyin qanunvericilik təşəbbüslərində aktiv iştirak etdiyini, informasiya sistemlərinin qorunması ilə bağlı normativ hüquqi sənədlərin formalaşdırılmasında fəal rol oynadığını diqqətə çatdırıb.

 

Qeyd edək ki, 150-dən çox iştirakçının qatıldığı konfrans Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Milli Kibertəhlükəsizlik Mərkəzinin və “Caspel” MMC şirkətinin əsas tərəfdaşlığı ilə baş tutmaqla "Konstitusiya və Suverenlik İli”nə həsr edilib.