“Kibertəhlükəsizlik təhsili və əməkdaşlıq” mövzusunda tədbir baş tutub

16.01.2024

“Kibertəhlükəsizlik təhsili və əməkdaşlıq” mövzusunda tədbir baş tutub

16 yanvar 2024-cü il tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə “Kibertəhlükəsizlik təhsili və əməkdaşlıq” mövzusunda tədbir baş tutub.

Tədbirin əsas məqsədini ali təhsil müəssisələrində yaradılmış kiber klubların fəaliyyəti, o cümlədən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində həyata keçirilən təhsilə, habelə universitet-sənaye əməkdaşlığının genişləndirilməsinə dair ali təhsil müəssisələrinin, AKTA üzvü olan şirkət və təşkilatların, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə dəyirmi masa formatında müzakirələrin həyata keçirilməsi təşkil edib.

AKTA İdarə Heyətinin sədri tərəfindən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda (bundan sonra – Strategiya) təsbit olunmuş aidiyyəti hədəf və məqsədlər, eləcə də müvafiq sahə üzrə təhsilə dair müəyyən olunmuş tədbirlər iştirakçıların diqqətə çatdırılıb. Təhsil müəssisələri ilə dövlət və özəl sektor arasında informasiya təhlükəsizliyi üzrə kadr hazırlığına dair əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd olunub. Həmçinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndəsi tərəfindən ali təhsil müəssisələrinin prioritetlərinin müəyyənləşdirilməsi zamanı Strategiyada müəyyən olunmuş hədəf, məqsəd və tədbirlərin nəzərə alınmasının zəruriliyi qeyd olunub.

Tədbirdə 16 ali təhsil müəssisəsi - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası,  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti - təmsil olunub və nümayəndələr tərəfindən informasiya texnologiyaları, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə təhsil prosesində əldə olunmuş nailiyyətlər, eləcə də müvafiq sahədə təhsillin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə atılmalı addımlar, ehtiyaclar, həmçinin yaranmış kiberklubların fəaliyyəti ilə bağlı məsələlər səsləndirilib.

Müvafiq sahədə kadr çatışmazlığının mövcudluğu vurğulanmış və kadr potensialının artırılması istiqamətində görülməli olan tədbirlərlə bağlı müzakirələr aparılıb. Sahə üzrə kadr hazırlığı üçün müasir laboratoriyalarının formalaşdırılmasında, eləcə də, mütəxəssislərin tədris prosesinə cəlb olunması və tələbələrin təcrübə keçmələrinə şərait yaradılmasının təmin edilməsində ali təhsil müəssisələrinə dəstək verilməsinin zəruriliyi qeyd olunub. Ali təhsil müəssisələrində fəaliyyət göstərən kiberklubların səmərəliliyinin artırılması məqsədilə “Kiber klublar birliyinin” yaradılmasının və tərəfdaş xarici ölkələrin analoji birlikləri ilə əməkdaşlığının təmin olunmasının əhəmiyyəti vurğulanıb.

Dəyirmi masa müzakirələrində iştirak edən AKTA üzvü olan şirkət və təşkilatların – "Defscope", “Cyberpoint", “A2Z technologies”, “ESET Azərbaycan", "Cybernetics", “Code Academy”, "WediaCorp Azərbaycan", "Karmasis Azərbaycan", "Gais Cyber Security", “Azərbaycan Kibertəhlükəsizlik Platforması”, "Simbrella", "AzeRobot Education", "MilliSec”, "MONT Azərbaycan", “INSECO”, “Azərbaycan Robotexnika Mühəndisliyi" – rəhbər və nümayəndələri tərəfindən ali təhsil müəssisələrinə yuxarıda qeyd olunan istiqamətlərdə dəstək verilməsi, həmçinin onlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra təkliflər səsləndirilib və birgə atıla biləcək addımlar müzakirə edilib. Həmçinin, AKTA sədri tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə AKTA tərəfindən icra olunan “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris vəsaitlərinin hazırlanması” layihəsi barədə iştirakçılara məlumat verilərək, bu istiqamətdə də əməkdaşlığın genişləndirilməsi məqsədilə təkliflər diqqətə çatdırılıb.

Müzakirə olunan məsələlərin aktuallığı və həllinin daha kompleks yanaşma tələb etməsi, habelə aidiyyəti tərəflərin iştirakı ilə mütəmadi və davamlı müzakirələrin təşkil olunmasının əhəmiyyəti nəzərə alınaraq, gələcəkdə bu cür görüşlərin sayının artırılması iştirakçılar tərəfindən məqsədəuyğun hesab olunub.

© Bütün hüquqlar qorunur 2022 - 2024