image

Kibertəhlükəsizlik və İT sahələri üzrə xarici ölkələrdə çalışan həmvətənlərimizin iştirakı ilə “Kiberdiaspora” adlı panel müzakirəsi baş tutub

08.06.2024

Kibertəhlükəsizlik və İT sahələri üzrə xarici ölkələrdə çalışan həmvətənlərimizin iştirakı ilə “Kiberdiaspora” adlı panel müzakirəsi baş tutub

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə keçirilən “III Milli Kibertəhlükəsizlik Forumu”nda kibertəhlükəsizlik və İT sahələri üzrə xarici ölkələrdə çalışan həmvətənlərimizin iştirakı ilə “Kiberdiaspora” adlı panel müzakirəsi baş tutub. 

Hazırda “Samsung Electronics” şirkətində proqram təminatı mühəndisi vəzifəsində çalışan Adil Əliyevin moderatorluğu ilə baş tutan panel müzakirələrində “MongoDB” şirkətinin baş proqram təminatı mühəndisi Tural Fərhadov, “Microsoft” şirkətinin proqram təminatı mühəndisi Sakit Atakişiyev, “HSBC” şirkətində “Threat Hunter” vəzifəsində çalışan Rəşad Süleymanov, “EA Electronics” şirkətinin proqram təminatı mühəndisi Osman Hacıyev və “Splunk” şirkətinin bulud texnologiyaları mühəndisi Asif Məmmədov iştirak edib.

İlkin olaraq, kiberdiasporanın ölkəmizin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsindəki potensial rolu və əhəmiyyəti, kiberdiasporanın fəaliyyətinin təmin edilməsi üçün zəruri dəstək mexanizmləri, kiberdiaspora üzvlərinin müvafiq sahənin inkişafına verə biləcəyi töhfə, eləcə də bu fəaliyyətin dayanıqlılığının təmin edilməsi və kiberdiaspora üzvləri arasında şəbəkələşmənin genişləndirilməsi üçün zəruri addımlar müzakirə edilib.

Panel iştirakçıları tərəfindən ölkəmizin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və kiberdiaspora fəaliyyətinin daha da genişləndirilməsi üçün bir sıra təklif və tövsiyələr səsləndirilib. Təcrübə mübadilələrinin genişləndirilməsində, xaricdə əldə olunmuş təcrübə əsasında tədris resurslarının hazırlanmasında və mentorluq dəstəyinin göstərilməsində kiberdiaspora üzvlərinin mühüm töhfələr verə biləcəyi vurğulanıb.  Habelə, təlim və tədris proseslərinin həyata keçirilməsi, tədqiqat üçün mövzuların müəyyən olunması, həmçinin gənclərdə həm motivasiya yaratmaq, həm də rəqabətlilik mühitində çalışma bacarıqlarını aşılamaq üçün kiber oyun və müsabiqələrin təşkil edilməsi, ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində təcrübi laboratoriya mühitlərinin yaradılması üzrə işlərə və sahə üzrə həyata keçirilən digər tədbirlərə kiberdiaspora üzvlərinin də yaxından cəlb olunmasının məqsədəuyğun olduğu və eyni zamanda, ölkənin kadr potensialının güclənməsinə müsbət təsir edəcəyi bildirilib.

Qeyd etmək lazımdır ki, “Kiberdiaspora” - ölkə xaricində İT və kibertəhlükəsizlik sahəsində çalışan peşəkar həmyerlilərimizin qlobal miqyaslı virtual icması və şəbəkələşmə platformasının fəaliyyətinə AKTA tərəfindən cari ilin may ayında başlanılıb.  Burada həmyerlilərimizin birgə fəaliyyətinin təşkili, beynəlxalq ekspertlərdən ibarət icmanın formalaşdırılması, sahə üzrə yeni trendlərin və əhəmiyyətli məsələlərin müzakirəsi həyata keçirilir. Eləcə də, bu platforma vasitəsilə xaricdə və ölkəmizdə yaşayan ekspertlər arasında təcrübə, bilik, məlumat paylaşılması təmin olunmaqla onlar arasında əməkdaşlıq təşviq edilir.