image

Kibertəhlükəsizliyin təmin olunması sahəsində beynəlxalq əməkdaşlığın rolu və əhəmiyyəti müzakirə olunub

06.06.2024

Kibertəhlükəsizliyin təmin olunması sahəsində beynəlxalq əməkdaşlığın rolu və əhəmiyyəti müzakirə olunub

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə 1 iyun tarixində baş tutan “III Milli Kibertəhlükəsizlik Forumu”nda “Kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq” adlı panel müzakirəsi baş tutub. 

Azərbaycan, Türkiyə, Qazaxıstan, Gürcüstan, Rumıniya və İsveçdən olan rəhbər vəzifəli şəxslər kibertəhlükəsizlik sektorunun inkişafında və kibertəhlükəsizliyin təmin edilməsində beynəlxalq əməkdaşlığın, eləcə də sahəvi assosiasiyaların, özəl və dövlət qurumlarının rolu və əhəmiyyətini müzakirə ediblər. Çıxışçılar öz təcrübələrinə əsaslanaraq, regional əməkdaşlığın inkişafı məqsədilə öz mümkün töhfələrinə dair məlumatları paylaşıblar. 

AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabarovun moderatorluğu ilə baş tutan panel müzakirələrində Türkiyə Kibertəhlükəsizlik Klasterinin baş direktoru Alpaslan Kesici, Qazaxıstanın özəl “CERT” şirkəti olan “TSARKA”nın təsisçisi və direktoru Oljas Satiyev, Mastercard şirkətinin EEMEA regionunun kibertəhlükəsizlik məhsulları üzrə vitse-prezidenti Gökberk Bıçakçı, Gürcüstan Elmi Kibertəhlükəsizlik Assosiasiyasının baş icraçı direktoru Maksim İaviç, Rumıniya Milli Kibertəhlükəsizlik Direktoratlığının baş kibertəhlükəsizlik mütəxəssisi Danut Maftei və İsveçin “TrueSec” şirkətinin kibertəhlükəsizlik üzrə baş müşaviri Hasain Alshakarti iştirak edib. 

İlkin olaraq, hər bir çıxışçının təmsil etdiyi qurumun təcrübəsi barədə ətraflı məlumatlar verilib, o cümlədən iştirakçı ölkələrdə özəl sektorun apardığı işlər, assosiasiyaların yerli sektorun inkişafı üçün atdığı addımlar, elmi tədqiqat istiqamətinin inkişafı üçün icra edilmiş layihələr diqqətə çatdırılıb. 

Panel müzakirələrində əməkdaşlığın inkişafı baxımından bir sıra maraqlı ideyalar səsləndirilib. Türkiyə və Qazaxıstan təmsilçiləri kibertəhlükəsizlik sahəsində Türk dövlətlərinin ortaq mərkəzlərinin qurulması, yeni nəsil mütəxəssislərə önəm verilməsi və cəlb edilməsi, ölkələr arasındakı mövcud dostluq münasibətlərinə söykənməklə daha intensiv işlərin görülməsi kimi fikirləri vurğulayıblar. Çıxışçılar təhsil sahəsi üzrə birgə layihələrin, tədbirlərin və müzakirə platformalarının yaradılmasının önəmini qeyd ediblər. Habelə, kibertəhlükəsizlik sektorunun inkişafında assosiasiyaların rolu və əhəmiyyəti müzakirə edilib və bu tipli təşkilatlara əlavə səlahiyyətlərin verilməsinin önəmindən danışılıb. Gürcüstan təcrübəsinin maraqlı olduğu və assosiasiyanın kritik informasiya infrastrukturunu etik kiber hücumlar vasitəsilə test etmək təcrübəsinə diqqət ayrılıb. Həmçinin, sahənin problemlərinin dərindən araşdırılması məqsədilə elmi tədqiqat layihələrinin sayının artırılması təklif edilib.  

Sonda bütün panel iştirakçıları kibertəhlükəsizliyin bir ölkənin imkanları daxilində təmin olunmasının mümkün olmadığı və kibertəhlükəsizliyin təmin olunması üçün regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruri olduğu qənaətinə gəliblər.