“Kritik informasiya infrastrukturunun təhlükəsizliyi: milli və beynəlxalq aspektlər” adlı seminar keçirilib

08.04.2023

“Kritik informasiya infrastrukturunun təhlükəsizliyi: milli və beynəlxalq aspektlər” adlı seminar keçirilib

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiyasının (AKTA) təşkilatçılığı, "Softprom” və “Cisco” şirkətlərinin tərəfdaşlığı ilə 6 aprel 2023-cü il tarixində aidiyyəti qurum və şirkətlərin nümayəndələri, eləcə də beynəlxalq ekspertlərin iştirakı ilə “Kritik informasiya infrastrukturunun  təhlükəsizliyi: milli və beynəlxalq aspektlər” adlı seminar baş tutub.

Rəqəmsal transformasiya dövründə kritik informasiya infrastrukturunun təhlükəsizliyi xüsusi önəm kəsb edir və bununla əlaqədar olaraq, ölkəmizdə bir sıra əhəmiyyətli işlər aparılır. Bu işlər sırasında qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin və standartların tətbiqi imkanlarının araşdırılması, mütəxəssislərin hazırlanması və təcrübə mübadiləsi mühüm yer tutur. AKTA tərəfindən qeyd olunan istiqamətlər üzrə zəruri işlər görülməklə ekosistemin inkişafına dəstək verilir.

Qeyd olunanlarla əlaqədar olaraq, AKTA tərəfindən təşkil edilmiş növbəti seminar kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı məsələlərə həsr edilib. Seminarın əsas məqsədi kritik informasiya infrastrukturunun təhlükəsizliyi sahəsində yerli və beynəlxalq mütəxəssislərlə ölkədə tətbiq olunan yanaşmanı müzakirə etmək, infrastrukturun təhlükəsizliyinin qorunması üzrə beynəlxalq təcrübəni diqqətə çatdırmaq, tətbiq edilən standart və metodlar haqqında, o cümlədən son illər beynəlxalq müstəvidə kritik infrastrukturlara qarşı həyata keçirilmiş hücumlar barədə iştirakçıları məlumatlandırmaq olub.

Seminarın açılışında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması sahəsində səlahiyyətli orqanların – Dövlət Təhlükəsizliyi Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin sahə üzrə fəaliyyət göstərən aidiyyəti struktur bölmələrinin rəhbərləri çıxış edərək təcrübə və tövsiyələrini bölüşüb. Daha sonra, AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyi məsələləri” adlı təqdimatla çıxış edərək ölkədə həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb. Həmçinin, İdarə Heyətinin sədr müavini Rauf Cabarov AKTA-nın ölkəmizin kibertəhlükəsizlik ekosistemində rolu və təşkilatın inkişafı barədə məlumat verib. Seminarın beynəlxalq təcrübəyə həsr edilən hissəsində “Cisco” şirkətinin nümayəndələri tərəfindən “Kritik infrastrukturlarda kiber davamlılıq: beynəlxalq təcrübə” və “Kritik infrastrukturların təhlükəsizliyi üzrə “NIST Cyber Security” çərçivəsi” adlı mövzular üzrə təqdimatlar həyata keçirilib və seminar iştirakçıları ilə müzakirələr aparılıb.

Qeyd edək ki, AKTA 2022-ci ildə təsis edilmiş və özündə ölkənin informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə ixtisaslaşmış şirkət və təşkilatlarını birləşdirir. AKTA ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və potensialının artırılmasına dəstək verir.

© Bütün hüquqlar qorunur 2022 - 2024