Fevralın 13-də Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində, Mingəçevir Dövlət Universiteti (MDU) və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı və AKTA -nın tərəfdaşlığı ilə “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” keçirilib. Tədbir çərçivəsində AKTA-nın qızıl üzvü olan “MegaSec” MMC tərəfindən “Süni intellektlə gücləndirilmiş təhsil: keyfiyyətin artırılması və dayanıqlı innovasiya” mövzusunda seminar təşkil edilib.
Seminarda “MegaSec” MMC-nin nümayəndəsi və AKTA eksperti Arzu Rəhimli, eləcə də AKTA eksperti Toğrul Vəlibəyli təlimçi qismində çıxış ediblər. Sessiya zamanı süni intellekt texnologiyalarının tədris və keyfiyyət təminatı proseslərinə inteqrasiyası, rəqəmsal həllərin tətbiqi və innovativ idarəetmə yanaşmaları üzrə praktiki müzakirələr aparılıb.
İştirakçılar ali təhsil müəssisələrində rəqəmsal transformasiyanın səmərəliliyinin artırılmasına dair real tətbiq nümunələri ilə tanış olublar. Seminar forumun innovasiya gündəliyinə töhfə verməklə yanaşı, ali təhsildə keyfiyyətin artırılması, dayanıqlı inkişaf və rəqəmsal transformasiya istiqamətində praktik platforma kimi qiymətləndirilib.