image

“Kritik informasiya infrastrukturunun təhlükəsizliyində milli həllər və yerli şirkətlərin rolu” mövzusu üzrə panel müzakirələri təşkil olunub

26.05.2025

“Kritik informasiya infrastrukturunun təhlükəsizliyində milli həllər və yerli şirkətlərin rolu” mövzusu üzrə panel müzakirələri təşkil olunub

Naxçıvan şəhərində keçirilən, "Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber Suverenlik” konfransının üçüncü paneli “Kritik informasiya infrastrukturunun təhlükəsizliyində milli həllər və yerli şirkətlərin rolu” mövzusunda olmaqla AKTA-nın içraçı direktoru, idarə heyətinin sədr müavini Rauf Cabarovun moderatorluğu ilə  keçirilib.

 

Panel çərçivəsində ölkənin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi, kritik informasiya infrastrukturunun təhlükəsizliyində yerli İT və kibertəhlükəsizlik şirkətlərinin rolu və yerli məhsul, həll və xidmətlərinin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

 

AKTA-nın içraçı direktoru Rauf Cabarov bildirib ki, kiber müstəvidə təhlükəsizliyi təmin etmək üçün xarici vendorlardan asıllığın azaldılması istiqamətində kompleks işlər aparılmalıdır. Xarici məhsulları istifadə etməklə paralel yerli məhsul və xidmətlərimizin istifadəsi zərurudir. O, vurğulayıb ki, kritik informasiya infrastrukturunda  qanunvericilik səviyyəsində yerli kibertəhlükəsizlik məhsul və xidmətlərinin istifadəsinin tələbi vardır. Bu səbəbdən zəruri resursların cəlb edilməsi ilə yerli həll və xidmətlərin inkişafına səy göstərmək lazımdır.

 

Paneldə çıxış edən “Cyberpoint” şirkətinin informasiya təhlükəsizliyi üzrə rəhbər vəzifəli şəxsi Aydın Qurbanlı təmsil etdiyi qurum barədə ətraflı məlumat verərək, görülən işlərdən danışıb. O, qeyd edib ki, sənaye sahəsində olan sistemlər üçün kibertəhlükəsizlik üzrə yerli məhsulların hazırlanmasına ehtiyac var. Onun sözlərinə görə “skada” tipli sistemlərin təhlükəsizliyi baxımından ölkəmiz yerli kibertəhlükəsizlik sistemlərini inkişaf etdirməlidir.

 

“Caspel” MMC-nin idarə heyətinin sədri Ceyhun Quliyev öz çıxışında kritik informasiya infrastrukturunun təhlükəsizliyində milli həllər və yerli şirkətlərin rolunu yüksək qiymətləndirərək, yerli şirkətlərin kritik informasiya infrastrukturuna yönəlik təhlükəsizlik həllərinin rəqabət mühitində dayanıqlılığı ilə bağlı fikirlərini bölüşüb.

 

“Simbrella” şirkətinin  baş icraçı direktoru Seymur Məmmədov qeyd edib ki, dünyada gedən proseslər, o cümlədən  qloballaşmaya qarşı izolyasiya meylləri fonunda xarici İT məhsullardan asıllığın azalması və yerli məhsulların istifadə edilməsi günümüzün çağırışlarındandır. Bununla belə, Seymur bəy vurğulayıb ki, müasir dövrümüzdə hətta ABŞ kimi texnoloji nəhəng ölkələr öz tələbatlarını tam ödəyə bilmirlər və xarici ölkələrin İT məhsullarından asılıdırlar.  

 

“B&B Security Alliance” şirkətinin informasiya təhlükəsizliyi üzrə rəhbər vəzifəli şəxsi Vüsal Ramazanlı milli həllərin kibertəhlükəsizlik ekosisteminə qatacağı faydalardan danışıb. O, təmsil etdiyi şirkətin artıq bir sıra sadə həllərin hazırladığını və gələcəkdə daha mürəkkəb sistemlərin hazırlanacağını qeyd edib.

 

Panel müzakirələrinin sonunda Rauf Cabarov qeyd edilən fikirləri ümumiləşdirərək bildirib ki, dünyada gedən proseslər fonunda bizim ölkəmiz xarici İT məhsulları istifadə etməklə yanaşı yerli həllərin tətbiqinin və inkişafının sintezini nəzərdə tutan bir model hazırlamalıdır. Burada kibertəhlükəsizlik üzrə yerli həllərin və tətbiqlərin hazırlanması nəzərə alınmaqla, həmçinin yerli startapların inkişafına da fikir verilməlidir.