"Maliyyə bazarları sektorunda kibertəhlükəsizlik" mövzusu üzrə dəyirmi masa formatında müzakirə keçirilib

22.12.2023

"Maliyyə bazarları sektorunda kibertəhlükəsizlik" mövzusu üzrə dəyirmi masa formatında müzakirə keçirilib

22 dekabr 2023-cü il tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə "Maliyyə bazarları sektorunda kibertəhlükəsizlik" mövzusuna həsr olunmuş dəyirmi masa formatında görüş keçirilib. 
Maliyyə bazarları sektorunda kibertəhlükəsizliyin təmin edilməsi, o cümlədən mövcud təhdidlər və onlarla mübarizə məsələlərinin müzakirəsinə həsr edilmiş görüşdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Mərkəzi Bank, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elektron Təhlükəsizlik Xidməti, AKTA, ABA, eləcə də 20-dən çox bank və kredit təşkilatlarının sahə üzrə məsul rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.
Dəyirmi masa formatında keçirilən görüş zamanı sahə üzrə normativ tənzimləmə mexanizmlərinin, eləcə də kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində mövcud qanunvericiliyin tətbiq olunması, habelə müvafiq strategiya və tədbirlər planlarının icra olunması, o cümlədən kibertəhdidlərə qarşı mübarizə, kiberinsidentlərin idarə olunması, kibertəhlükəsizlik üzrə yerli məhsul və həllərin hazırlanması, məlumat mübadiləsinin təşkili və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar qarşıya çıxan məsələlər ətrafında müzakirələr aparılıb, bir sıra təkliflər səsləndirilib. 
Müzakirə olunan məsələlərin aktuallığı və həlli üçün daha kompleks yanaşmanı şərtləndirməsi, kibertəhdidlərin və kibercinayətkarlığın dinamikası, eləcə də sahə üzrə normativ tənzimləmə mexanizmlərinin tətbiq olunması ilə əlaqədar qarşıya çıxan məsələlərin aidiyyəti tərəflərin iştirakı ilə müzakirə olunmasının əhəmiyyəti nəzərə alınaraq, gələcəkdə bu cür görüşlərin sayının artırılması məqsədəuyğun hesab olunub.

© Bütün hüquqlar qorunur 2022 - 2024