Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının və Azərbaycan Mikromaliyyə Assosiasiyasının birgə təşəbbüsü və təşkilatçılığı, Mərkəzi Bankın məsul nümayəndələrinin iştirakı ilə dəyirmi masa formatında görüş baş tutub.
Görüşün əsas məqsədi Mərkəzi Bank tərəfindən təsdiq olunmuş “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”dən irəli gələn məsələlərin və maliyyə təşkilatlarında informasiya təhlükəsizliyi üzrə auditlərin keçirilməsi mövzusuna dair sualların müzakirəsi olub.
Görüşdə Mərkəzi Bankın rəhbər vəzifəli şəxsləri, AKTA və AMFA-nın rəhbər şəxsləri, üzv şirkətlər və ekspertlər iştirak edib. Dəyirmi masa çərçivəsində yeni tələblərin praktiki tətbiqi müzakirə edilib. Mərkəzi Bankın sədrinin müşaviri Akif Bağırov qeyd edilən sahədə yaranan suallara aydınlıq gətirib. Görüşdə ekspert icması ilə fikir mübadiləsi aparılıb.
Qeyd edək, AKTA tərəfindən fərqli sahələrdə informasiya təhlükəsizliyi mövzusunda görüşlər mütəmadi əsaslarla keçirilir.