image

“Microsoft” şirkətində proqram mühəndisi kimi çalışan və “Kiber diaspora” üzvü olan həmvətənimiz - Sakit Atakişiyevlə müsahibəni təqdim edirik

03.02.2025

“Microsoft” şirkətində proqram mühəndisi kimi çalışan və “Kiber diaspora” üzvü olan həmvətənimiz - Sakit Atakişiyevlə müsahibəni təqdim edirik

Hər vaxtınız xeyir!

 

Müsahibimiz – Sakit Atakişiyev 2016-cı ildən etibarən proqram mühəndisi olaraq fəaliyyət göstərir. 2012-ci ildən - universitet illərindən başlayaraq, proqramlaşdırma ilə məşğul olub. Həmin dövrdə Şimali Kipr və Türkiyədə bir neçə şirkətdə təcrübə proqramlarında iştirak edib. Universitetdə oxuduğu illərdə IEEE-nin təşkil etdiyi “IEEEXtreme-24” (24 saatlıq fasiləsiz problemlərin komanda şəklində həll edilməsi) alqoritma yarışmalarında universiteti təmsil edib. 2013-cü ildə sözügedən yarışda komandası ilə iştirak edərək Türkiyə daxilində 38 universitet arasında üçüncü yerdə qərarlaşıb. 2022-ci ilə qədər, əsasən, Azərbaycanda çalışıb, həmçinin ara-sıra frilanser olaraq xarici layihələrdə də iştirak edib. 2022-ci ildən başlayaraq Microsoft - un Praqa ofisində proqram mühəndisi olaraq fəaliyyət göstərir.

 

 

1.    İxtisaslaşdığınız və çalışdığınız sahə üzrə hazıradək qət etdiyiniz karyera yolu və bu karyera yolunu davam etdirməyə sizi ilhamlandıran məqamlar və səbəblər barədə məlumat verə bilərsinizmi?

 

         Universitetə hazırlaşdığım illərdə artıq o dövrün “ağıllı telefon”u sayılan “Nokia” və “Siemens” mobil cihazları mövcud idi. Həmin vaxt bu sahə məni xüsusilə cəlb edirdi: “Java” proqramlaşdırma dilini öyrənib mobil cihazlar üçün proqram hazırlamaq istəyirdim, lakin sonradan anladım ki, sadəcə bir proqramlaşdırma dilini bilmək kifayət etmir. Sektorun dərinliklərinə enməyə başladıqca yalnız mobil tətbiqlər deyil,  istənilən sistem üçün proqram tərtib etməyin daha maraqlı olduğunu gördüm. Buna görə Java ilə yanaşı əməliyyat sistemlərinin, kompüterlərin və prosessorların işləmə prinsiplərini də dərindən öyrəndim. O vaxt resurslar məhdud idi və mövcud resursları effektiv şəkildə istifadə edə bilmək üçün fundamental biliklərə malik olmaq vacib idi. Çünki zaman keçdikcə mikroprosessorların, yaddaşın necə işlədiyini bilmədən ancaq bir neçə sətir kodla keyfiyyətli proqram yazmağın mümkün olmadığını anladım. Yalnız bu biliklərə sahib olduqda az resurs və vəsaitlə yüksək səviyyəli proqramlar tərtib etmək mümkündür.

 

          2009-2011-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika ixtisasında təhsil almağa başladım. Sonralar, ixtisasla bağlı daha dərin biliklər əldə etmək üçün təhsilimi xaricdə davam etdirməyi qərara aldım. Universitetdəki akademik göstəricələrim yüksək olduğu üçün Şimali Kiprdə yerləşən Doğu Akdeniz Universitetinin Kompüter Mühəndisliyi ixtisası üzrə tam təqaüdlü təhsil almaq hüququ qazandım.

Bakıdakı təhsilimi yarımçıq qoyaraq Kiprə yollandım. Düşünürdüm ki, təhsilə yenidən başlayacağam, amma BDU-da aldığım ikiillik təhsil proqramı hesabına dərslərə qaldığım mərhələdən davam edə bildim. Həmin ikiillik göstəricilərə əsasən ilk iki ilin dərslərindən azad olundum və orada üçillik təhsil aldım. Bu üç il ixtisas fənlərinə yönəlməyimə və karyeramın bünövrəsini qoymağıma şərait yaratdı. Təhsil aldığım müddətdə alqoritma yarışlarında iştirak edir, təcrübə əldə etmək üçün Kipr və Türkiyədəki şirkətlərə müraciətlər edirdim. Yay tətillərində qəbul olunduğum şirkətlərdə ödənişli təcrübə proqramlarına qoşularaq praktiki bacarıqlarımı inkişaf etdirirdim. İlk hazırladığım proqram, genetik alqoritmadan istifadə edərək oxuduğum fakültənin yarımillik dərs cədvəlini tərtib edirdi. O dövr üçün bu səviyyədə bir proqram əsasən magistr tələbələri tərəfindən hazırlanırdı. Ancaq supervayzerim professor Ahmet Ünverinin dəstəyi və istiqamətləndirməsi ilə diplom işi olaraq bu mürəkkəb işi öz üzərimə götürdüm və yarımilliyin sonunda tam işlək vəziyyətdə təhvil verdim. Adi halda hazırlanması həftələr çəkən yarımillik dərs cədvəlinin tərtib olunması proqram vasitəsi ilə üç -  beş dəqiqə ərzində ərsəyə gəlirdi. Hal-hazırda da universitet daxilində bu proqram zaman-zaman hələ də istifadə olunur.

 

           Universiteti bitirdikdən və hərbi xidməti başa vurduqdan sonra bir müddət Hindistan üzərindən uzaqdan işlər götürərək çalışdım. 2016-cı ildə VITTA  Scientific Technical Company - də Android tərtibatçısı kimi işə başladım. Orada istifadəçilərin özlərinin işlədə biləcəyi tibbi cihazlar üçün mobil tətbiqlər hazırlayırdım. Bu tətbiqlər vasitəsilə cihazlardan alınan məlumatlar (təzyiq, çəki, qandakı şəkərin səviyyəsi və s.) oxunur, xəstənin həkimi ilə paylaşılır və xəstənin tibbi tarixçəsi formalaşdırılırdı. 2016-2019-cu illərdə, paralel olaraq Cybernet şirkətində Java tərtibatçısı vəzifəsində çalışmağa başladım. Karyeramın ikinci dönüş nöqtəsi məhz bu dövrdə baş verdi. Təcrübəm çox olmasa da, o vaxt texniki direktor vəzifəsində çalışan Vüsal Məsiyev şirkət üçün mühüm olan iki layihəni mənə həvalə etdi. Onun etimadını doğrultmaq üçün bütün səyimlə çalışdım və eyni zamanda biliklərimi də artırdım. Vüsal Məsiyevin karyeramın formalaşmasındakı rolu böyükdür. Layihələr zamanı bəzən ciddi səhvlərim olsa da, o, hər zaman anlayışla yanaşır və eyni zamanda bu səhvləri düzəltməyimə dəstək olurdu. Fürsətdən istifadə edərək mənə göstərdiyi inama və inkişafım üçün yaratdığı şəraitə görə ona dərin minnətdarlığımı bildirirəm.

 

             Daha sonra çalışdığım şirkətdə, türk bir şirkətin yazdığı proqram təminatına dəstək verməli olduq. Proqram istifadəyə veriləndən qısa müddət sonra tez-tez çökməyə başladı. Həmin şirkət nə qədər bərpa etməyə çalışsa da, uğur qazana bilmədi. Komanda yoldaşlarımla birlikdə bu layihəni tez bir zamanda yenidən yazmağı təklif etdik, lakin şirkət nümayəndələri bizə təcrübəsiz kimi baxır, təklifimizlə maraqlanmırdılar.  Buna baxmayaraq,  biz iki həftə ərzində beş – altı nəfərlik bir komanda ilə o şirkətin üç ildə əldə edə bilmədikləri nəticəyə nail olaraq layihəni başdan yazdıq. Hazırda həmin layihə hələ də istifadədədir. 2017-ci ildə fərdi aktivliyim üçün Bakı və bölgələrdə fəaliyyət göstərən bir şirkətə anbar idarəetmə proqramı hazırladım. Proqramın yazılışından tutmuş idarə olunması və dəstəyinin göstərilməsinə qədər bütün proseslərlə - sistem, verilənlər bazası və digər sahələrlə özüm məşğul olmalı oldum. Bir müddət sonra işin həcmi artdığı üçün digər bir həmkarımla əməkdaşlıq etməyə başladım. Daha sonra Praqaya köç etdiyim üçün layihəni başa vuraraq bu istiqamətdəki fəaliyyətimi sonlandırdım.

 

           2021-ci ildə artıq böyük şirkətlərdə çalışmaq qərarına gəldim və üç ay işdən qalan asudə vaxtlarımda bu şirkətlər üçün olan müsahibələrə hazırlaşdım.  Amazon və Feysbuk kimi böyük şirkətlərin müsahibələrinə qatıldım, lakin COVID – 19 epidemiyasına yoluxduğum üçün istədiyim nəticəni əldə edə bilmədim. Daha sonra Quql və Microsoft şirkətlərinin müsahibələrinə qatıldım. Quqldan keçmək mümkün olmasa da, Microsoft-dan müsbət cavab aldım və iş təklifi gəldi. 2022-ci ildən etibarən Microsoft-un Praqa ofisində çalışıram. Bu müddətdə böyük korporasiyalarda təhlükəsizliyin vacibliyini, kiçik bir səhvin belə böyük xərclər və problemlər yarada biləcəyini, hətta hər baytın önəmini praktiki olaraq öyrəndim. Bu dövrü karyeramın növbəti dönüş nöqtəsi hesab edirəm.

 

            2024-cü ildən etibarən boş vaxtlarımda Adil Əliyevlə birlikdə “Data Structure and Algorithms” adlı Azərbaycan dilində onlayn kurs üzərində çalışıram. Bu kurs proqramlaşdırmaya yeni başlayanlar və ya bu sahəni tədris edənlər üçün nəzərdə tutulub. Hazırda kursun kontenti tamamlanıb, bəzi texniki detalları qalıb. Tezliklə bütün işləri yekunlaşdıraraq “Özün Öyrən” portalında bu kursu ödənişsiz şəkildə təqdim edəcəyik.

 

             Adəti işlərdən qaçıram, bu səbəbdən bank sektoruna heç vaxt maraq göstərməmişəm. Hər gün nələrsə öyrənməyi, dinamikliyi sevirəm. Ən böyük motivasiya mənbəyim, yazdığım proqramların insanların vaxtına qənaət etməsinə kömək etməsidir. Karyeram ərzində bir neçə belə proqramın yazılmasına imza atmışam, hansı ki, insanların həftələrlə sərf etdiyi işləri bir neçə saatda, yaxud üç - dörd saat çəkən əməliyyatları üç – dörd dəqiqəyə yerinə yetirmələrini təmin edir. Zaman bu həyatda ən dəyərli sərmayəmizdir və heç bir şəkildə geri qaytarılmır. Sahib olduğum işin insanlara bu qədər zaman qazandırması, onların özlərini inkişaf etdirməsinə, sağlamlıqlarına diqqət ayırmasına və sevdikləri ilə daha çox vaxt keçirməsinə şərait yaratması mənim üçün ən böyük motivasiyadır.

 

2.    Beynəlxalq şirkətlərdə fəaliyyətiniz zamanı hansı əsas çətinliklərlə üzləşmisiniz? Bu çətinlikləri aradan qaldırmaq üçün hansı addımları atmısınız?

 

           Komandalarda üzləşdiyim əsas çətinlik effektiv ünsiyyət qurmaqdır. Özümü tələbkar və tez nəticə əldə etmək istəyən biri kimi dəyərləndirirəm. Lakin müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan insanlarla çalışdıqda bu yanaşma bəzən problemə çevrilir. Hətta ən mülayim ifadə belə fərqli qəbul oluna, qarşınızdakı şəxsin sizi yanlış anlamasına səbəb ola bilər. İlk illərdə ən çox çətinlik çəkdiyim məqam məhz bu idi. Bu problemi aradan qaldırmaq üçün kommunikativ bacarıqlarımı inkişaf etdirməyə başladım, fikirlərimi daha diqqətli ifadə etməyə, həmçinin qarşı tərəfin psixologiyasını, mədəniyyətini və dəyərlərini nəzərə almağı öyrəndim. İndiki dövrdə bu məsələnin təsiri əvvəlki ilə müqayisədə xeyli azalıb. Digər bir çətinlik, kiçik şirkətlərdə müəyyən səviyyədə biliklərin kifayət etdiyi halda, böyük şirkətlərdə bu yanaşmanın yetərli olmamasıdır. İstər istifadə etdiyiniz kitabxanalar, istərsə də özünüzün yazdığınız kod olsun, hər detalı dərindən başa düşmək tələb olunur. Bu səbəbdən kod yazarkən və ya hər hansı kitabxanadan istifadə edərkən, geniş dokumentasiyanı mütləq şəkildə oxuyuram. Bəzən isə həmin kitabxanaların mənbə koduna da baxıram. Nəticədə, istifadə etdiyim alətləri daha dərindən mənimsəyir və standartlara uyğun, yüksək keyfiyyətli kod yazmağa nail oluram. Beynəlxalq səviyyədə çalışan şirkətlərdə təhlükəsizlik də xüsusi önəm daşıyır. Şirkətin fəaliyyət göstərdiyi ölkələrin qanunlarını, GDPR (Avropa Parlamenti və Şurası tərəfindən 2016 -cı ilin aprelində razılaşdırılmış Ümumi Məlumat Qoruma Tənzimləməsi) kimi tənzimləyici çərçivələri, məlumatların təhlükəsizliyinə dair qaydaları bilmək vacibdir. Hazırladığınız proqramın məlumatları harada və necə istifadə etdiyini dərindən anlamaq çox vacibdir, əks halda həm özünüz, həm də şirkət ciddi problemlərlə qarşılaşa bilər. Bu səbəbdən, təhlükəsizlik mövzusunda təşkil olunan seminarlarda və məcburi kurslarda müntəzəm olaraq iştirak edirəm. Çünki bu sahə daim yenilənir və bilikləri davamlı olaraq təzələməli, yeniliklərdən xəbərdar olmalıyıq.

 

 

 

3.    İxtisaslaşdığınız sahə üzrə karyera qurmaq istəyənlərə hansı tövsiyələri verərdiniz? Uğurlu bir mütəxəssis olmaq üçün hansı bacarıqlar vacibdir?

 

          İlk növbədə, texniki biliklərlə bərabər praktiki təcrübəni də artırmaq vacibdir. Öyrənilən məlumatlar daha dərindən mənimsənilməli, səthi biliklərlə kifayətlənməməlidirlər. Seçilən sahədə yenilikləri daim izləmək əsas amillərdəndir. Analitik düşüncə və problem həlletmə bacarıqlarını inkişaf etdirmək üçün müntəzəm çalışmaq və bu sahədə aktiv olmaq da əhəmiyyətlidir. Komanda işi və ünsiyyət bacarıqları da uğurlu karyera üçün əsas faktorlardır.

Bilik və təcrübələrin mütəmadi müzakirə edilməsi, paylaşılması, karyera inkişafı üçün vacib bir addımdır. Uğur qazanmaq üçün isə, ilk olaraq özünü bu sahədə tapmaq lazımdır. Çalışqan olmaq, əziyyətə qatlaşmaq və prosesi sevə-sevə icra etmək əsas şərtlərdəndir. Əgər iş sevilərək görülərsə, qarşılaşılan çətinliklərin öhdəsindən gəlmək daha asan olacaq və yeni nailiyyətlər əldə etmək mümkün olacaqdır.

 

 

4.    Kibertəhlükəsizlik sahəsindəki son yeniliklər və trendlər haqqında nə düşünürsünüz? Azərbaycanın bu sahədə inkişafı və mövqeyinin gücləndirilməsi üçün hansı imkanlar mövcuddur?

               

               Kibertəhlükəsizlik sahəsi ölkəmizdə artıq qaçınılmaz və strateji əhəmiyyət daşıyan bir istiqamətdir. Hər keçən gün texnoloji yeniliklərin sürətli inkişafı nəticəsində, bu sahənin aktual dəyəri daha da artır. Bu səbəbdən düşünürəm ki, universitetlərdə kibertəhlükəsizlik ixtisasları daha dərindən və sistemli şəkildə öyrədilməli, gənclərin bu sahəyə yönəlməsini təşviq etmək üçün xüsusi sertifikasiya və təqaüd proqramlarına dəstək verilməlidir. Beləliklə, əmək bazarında daha çox ixtisaslı kadrın yetişməsi təmin olunar, eyni zamanda texnoloji startap ekosisteminin yaranması üçün sağlam zəmin formalaşar. Kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi təkcə təhsil sistemi ilə məhdudlaşmamalıdır, eləcə də dövlət qurumları və özəl sektor birlikdə çalışaraq milli səviyyədə kibertəhlükəsizlik standartları hazırlamalı, bu sahədə beynəlxalq təcrübədən və qabaqcıl mütəxəssislərin təcrübəsindən səmərəli şəkildə yararlanmalıdır.

Bu məqsədlə yerli və qlobal tərəfdaşlıqların qurulması, beynəlxalq konfrans və forumlarda iştirak  Azərbaycan kiber mühitinin qorunması və təkmilləşdirilməsi üçün əsas addımlardandır. Ölkəmizin coğrafi mövqeyi və texnoloji potensialı nəzərə alındıqda, regionda kibertəhlükəsizlik mərkəzi rolunu oynaya bilmək üçün genişmiqyaslı təlimlərin, seminarların və beynəlxalq tədbirlərin təşkili xüsusi əhəmiyyət kəsb edir. Bu tədbirlər hesabına həm yerli mütəxəssislər qlobal təcrübəyə çıxış əldə edir, həm də xarici investorlar və texnoloji şirkətlər üçün Azərbaycan cəlbedici bir məkana çevrilir. Eyni zamanda, beynəlxalq sertifikatlaşdırma mərkəzlərinin ölkəmizə cəlb olunması gənc kadrların bilik və bacarıqlarını dünyəvi standartlara uyğunlaşdırmaq baxımından böyük üstünlükdür. Sonda vurğulamaq yerinə düşər ki, milli səviyyədə elmi-tədqiqat institutlarının və innovasiya mərkəzlərinin bu sahədə fəal iştirakı, yalnız yeni texnoloji həllərin hazırlanmasına deyil, eyni zamanda gənc mütəxəssislərin peşəkar inkişafına da təkan verir.

 

Bu mərkəzlərdə reallaşan tədqiqatlar nəticəsində yarana biləcək innovativ layihələr yerli bazarda rəqabət mühitini gücləndirməklə yanaşı, Azərbaycanın kibertəhlükəsizlik sahəsində qlobal arena ilə inteqrasiyasını da sürətləndirə bilər. Zənnimcə, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) bu sahədə qabaqcıl təşkilatlardan biridir. Bu missiyanı öz üzərinizə götürdüyünüz üçün sizə təşəkkür edir və daha gözəl layihələrə imza atmağınızı ümid edirəm.