Nümayəndə heyətinin Rumıniya Respublikasına işgüzar səfəri başa çatıb

28.11.2023

Nümayəndə heyətinin Rumıniya Respublikasına işgüzar səfəri başa çatıb

20-24 noyabr 2023-cü il tarixlərində AKTA sədri və əməkdaşları, eləcə də AKTA İdarə heyətinin üzvü olan Cyberpoint şirkətinin rəhbəri və əməkdaşından ibarət nümayəndə heyətinin Rumıniya Respublikasının Milli Kiber Təhlükəsizlik Direktoratlığının dəstəyilə “Kibertəhlükəsizlik ekspertlərinin beynəlxalq kibertəhlükəsizlik mərkəzlərinə səfəri” layihəsi çərçivəsində Rumıniya Respublikasına işgüzar səfəri həyata keçirilib.

TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti) çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihə çərçivəsində baş tutan səfərin ilk günü nümayəndə heyəti ilə Rumıniya Respublikasının Milli Kiber Təhlükəsizlik Direktoratlığının rəhbəri cənab Dan Cimpean, habelə direktor müavinləri - xanım Maria-Manuela Katrina və cənab Qabriel Dinu, eləcə də Direktoratlığın müvafiq əməkdaşları arasında görüşlər keçirilib. Baş tutmuş görüşlərdə ölkələrin kibertəhlükəsizlik ekosistemi və bu sahədə son illər ərzində hüquqi, təşkilati və texniki sferalarda həyata keçirilmiş fəaliyyətə dair məlumat mübadiləsi aparılıb. Kibertəhlükəsizliyin daha effektiv və səmərəli təmin olunması məqsədilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti nəzərə alınaraq, potensial əməkdaşlıq istiqamətlərinə dair müzakirələr həyata keçirilib.

Səfər çərçivəsində, həmçinin Rumıniyanın “Silikon Vadisi” hesab edilən Kluj şəhərində yerləşən Babeş-Bolyai Universitetində görüşlər keçirilib. Universitet rəhbərliyi və pedaqoji heyətlə keçirilən görüşlərdə universitetin tarixi, fakültələri, tədqiqat mərkəzləri, həmçinin kibertəhlükəsizlik və kibercinayətkarlığa qarşı mübarizə sahəsində tədris və tədqiqat fəaliyyəti, eləcə də universitetin beynəlxalq əlaqələri haqqında məlumatlar nümayəndə heyətinin diqqətinə çatdırılıb. Görüşlərdə AKTA İdarə Heyətinin sədri Elvin Balacanov Azərbaycan Respublikasının ali təhsil müəssisələri tərəfindən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində həyata keçirilən tədris və tədqiqat fəaliyyəti, habelə Assosiasiya tərəfindən icra edilən layihələr, təhsil müəssisələri və sənaye arasında əlaqələrin gücləndirilməsi məqsədilə aparılan işlərdən danışıb. Bununla yanaşı, universitetdə təhsil alan azərbaycanlı tələbələrlə də görüş keçirilərək tələbələrin universitetdəki təhsili, təhsil və tədqiqat mühiti barədə düşüncə və təcrübələri, eləcə də AKTA-da onlar üçün mümkün olan təlim və karyera imkanları ətrafında məlumat mübadiləsi aparılıb.

Kluj şəhərinə səfər zamanı “Cluj IT Cluster” və “Transilvaniya IT Cluster” kimi Rumıniya Respublikasının nəhəng İT klasterlərinin nümayəndələri ilə də görüşlər keçirilib, klasterlərin üzvləri, xidmətləri, həlləri və imkanları barədə nümayəndə heyətinə məlumatlar verilib, eləcə də adıçəkilən klasterlərlə AKTA və AKTA üzvləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Bununla yanaşı, nümayəndə heyəti “Orange” şirkətinin 5G və təhlükəsizlik əməliyyatları üzrə laboratoriyalarının fəaliyyəti və imkanları ilə tanış olub.

Buxarest Politexnik Universitetində keçirilən görüş zamanı isə universitetin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik, o cümlədən kvant hesablamaları (“Quantum computing”) sahəsində təhsil və tədqiqat imkanlarına dair nümayəndə heyətinə məlumatlar təqdim edilib. Kvant hesablamaları sahəsində universitet tərəfindən magistratura təhsil pilləsində təqdim olunan təhsil proqramından gələcəkdə azərbaycanlı tələbələrin də yararlanması imkanlarına dair müzakirələr aparılıb.

Qeyd olunanlarla yanaşı, Bitdefender kibertəhlükəsizlik şirkətinin Buxarest şəhərində yerləşən baş ofisində şirkətin idarə heyəti ilə görüş keçirilib və nümayəndə heyətinə şirkətin fəaliyyəti və imkanları barədə ətraflı məlumat verilib. Öz növbəsində, AKTA İdarə heyətinin sədri Elvin Balacanov və AKTA İdarə heyətinin üzvü olan “Cyberpoint” şirkətinin direktoru Fuad Niftəliyev Bitdefender şirkətinin nümayəndələrini AKTA və AKTA üzvü olan şirkətlər haqqında məlumatlandırıb və Bitdefender şirkətilə mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Səfər çəçivəsində, həmçinin “Safetech Innovations”, “BitSentinel”, “CyberEDU”, “National Center for Cyber ​​Security Training Excellence (CSTCE)”, “Arcana.ai”, “OPSWAT”, “AI Vision”, “Zevo Tech”, “Hackout” və s. şirkət və startaplarla B2B formatında görüşlər təşkil olunub və görüşlərdə adıçəkilən şirkət və startaplar tərəfindən təqdim olunan xidmət və həllərlə bağlı nümayəndə heyətinə ətraflı məlumatlar təqdim olunub.

Səfərin son iki günü nümayəndə heyəti Mərkəzi və Şərqi Avropanın ən böyük kibertəhlükəsizlik konfransı olan DefCamp 2023 konfransında iştirak edərək sahə üzrə müxtəlif təqdimatları dinləyib, habelə təşkil olunan sərgidə təmsil olunan müxtəlif yerli şirkət və startaplar, habelə onlar tərəfindən təqdim olunan xidmət və həllərlə tanış olub.

© Bütün hüquqlar qorunur 2022 - 2024