13.12.2024
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının tərəfdaşlığı, "Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, “Nar”ın dəstəyi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ADA Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” layihəsi çərçivəsində keçirilən məlumatlandırıcı sessiyalar başa çatıb.
Dekabrın 11-də Lənkəran şəhər 2 və 5 nömrəli tam orta məktəblərdə şagirdlər və onların valideynlərinin iştirakı ilə keçirilən son görüşlərdə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Tədqiqat və inkişaf şöbəsinin müdiri Təbriz Cəfərov, AKTA-nın eksperti Yusif Süleymanlı və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı çıxış edərək rəqəmsal mühitdə mövcud risklər, uşaqların hüquqlarının qorunması və təhlükəsizlik tədbirləri ilə bağlı görüş iştirakçılarını məlumatlandırıb və sualları cavablandırıblar.
Qeyd edək ki, layihənin keçirilməsində məqsəd uşaqlar və valideynləri rəqəmsal texnologiya və resurslardan düzgün və təhlükəsiz istifadə qaydaları haqqında maarifləndirmək və onların hüquqlarının qorunmasını təmin etməkdir.