Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” adlı kampaniya uğurla davam edir. Kampaniya çərçivəsində təlimlərə start verilib.
Layihənin ilk təlimləri 3 dekabr tarixində Gəncə şəhər 10 və 29 nömrəli tam orta məktəblərin şagirdləri və onların valideynlərinin iştirakı ilə keçirilib. Görüşdə rəqəmsal mühitdə mövcud olan təhlükələr barədə məlumat verilib, uşaqları bu təhlükələrdən qorumaq yolları izah edilib və ictimai məlumatlandırma materialları paylanılıb. Sual-cavab formatında davam edən sessiyalarda müvafiq mövzular üzrə ətraflı fikir mübadiləsi aparılıb.
Təlimlərdə AKTA-nın ekspertləri Kibertəhlükəsizlik Platformasının rəhbəri Şahin Aliyev, MilliSec şirkətinin rəhbəri Zaur Qasımov və Cybersign şirkətinin informasiya təhlükəsizliyi üzrə mütəxəssis Zəhra Şahbazova müxtəlif mövzularda çıxış ediblər.
Qeyd edək ki, layihənin keçirilməsində məqsəd uşaqlar və valideynləri rəqəmsal texnologiya və resurslardan düzgün və təhlükəsiz istifadə qaydaları haqqında maarifləndirməklə hüquqlarının qorunmasını təmin etməkdir. 20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş layihə “Nar” şirkətinin dəstəyi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ADA Universitetinin tərəfdaşlığı ilə keçirilir.