Təhsilin İnkişafı Fondu ilə görüş keçirilib

19.07.2023

Təhsilin İnkişafı Fondu ilə görüş keçirilib

İyulun 18-də Azərbaycan Texniki Universitetində (AzTU) yerləşən universitet-sənaye işbirliyi mərkəzində İKT sahəsində ixtisaslaşmış şirkətlərlə görüş keçirilib. Görüşün məqsədi universitet-sənaye tərəfdaşlığının gücləndirilməsi istiqamətində dialoqun qurulması, həmçinin sənaye nümayəndələrinin Təhsilin İnkişafı Fondu (TİF) və “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə təsis olunan Maya Hacıyeva adına “İKT bacarıqları” təqaüd proqramı haqqında məlumatlandırılması olmuşdur.

Təhsilin İnkişafı Fondunun dəvəti ilə tədbirdə iştirak edən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) sədri Elvin Balacanov ali təhsil müəssisələrində İKT və informasiya təhlükəsizliyi sahəsində mövcud tədris proqramlarının dövrün tələblərinə və kiberfəzanın yeni çağırışlarına uyğun olaraq mütəmadi şəkildə təkmilləşdirilməsində, habelə kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunması məqsədilə milli həllərin və kadr potensialının gücləndirilməsində universitet-sənaye tərəfdaşlığının genişləndirilməsinə xüsusi önəm verilməsinin əhəmiyyətli olduğunu qeyd edib. Həmçinin, AKTA sədri İKT və kibertəhlükəsizlik sahəsində təhsilin fiziki məhdudiyyətli şəxslər üçün də əlçatanlığının təmin olunması məqsədilə lazımi addımların atılmasının zəruriliyini vurğulayıb.

Universitet-sənaye tərəfdaşlığının gücləndirilməsi istiqamətində təkliflərlə yanaşı AKTA və Təhsilin İnkişafı Fondu arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə fikir mübadiləsi həyata keçirilib.

© Bütün hüquqlar qorunur 2022 - 2024