”Yeni nəsil üçün kibertəhlükəsizlik” mövzusunda seminar baş tutdu

06.09.2023

”Yeni nəsil üçün kibertəhlükəsizlik” mövzusunda seminar baş tutdu

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı (AKTA), "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və YAŞAT Fondunun tərəfdaşlığı ilə 6 sentyabr tarixində 14-17 yaş arası yeniyetmə və məktəblilər üçün "Yeni nəsil üçün kibertəhlükəsizlik" mövzusunda seminar baş tutub.

Seminar çərçivəsində kibertəhlükəsizlik sahəsində yeni çağırışlar, təhsil və karyera istiqamətləri, kibergigiyena qaydaları və sair müvafiq mövzular üzrə iştirakçılar məlumatlandırılıb. Eyni zamanda, təqdimatla çıxış edən mütəxəssislərlə iştirakçılar arasında praktik məsələlər ətrafında interaktiv sual-cavab sessiyası təşkil olunub.

Seminar zamanı AKTA İdarə Heyətinin sədri Elvin Balacanov, Code Academy-nin nümayəndəsi Nəriman Əliyev, Kiber Təhlükəsizlik Platformasının rəhbəri Şahin Əliyev və "Cyber Summer School" yay məktəbinin məzunu Mehdi Rəsul iştirakçıları müvafiq mövzularla bağlı məlumatlandırıb.

Təxminən 40-a yaxın yeniyetmə və məktəblinin iştirak etdiyi seminarın məqsədini yeni nəslin  kibertəhlükəsizlik sahəsində maarifləndirmə səviyyəsinin artırılması və ümummilli hazırlığın yüksəldilməsi, kiberfəzada təhlükəsizliyin təmin edilməsində gənclərin daha da fəal iştirakının stimullaşdırılması təşkil edib.

© Bütün hüquqlar qorunur 2022 - 2024