27 və 28 iyun tarixlərində Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə “Süni intellekt texnologiyaları və aerokosmik problemlər” adlı II beynəlxalq elmi-praktik konfrans keçirilib.
Bu il beynəlxalq konfransın mövzuları sırasında təhlükəsizlik istiqamətinə xüsusi diqqət ayrılıb. Belə ki, konfransın bölmələrindən biri aviasiya təhlükəsizliyində süni intellekt problemlərinə həsr edilib. Burada aviasiya sahəsində kibertəhlükəsizliyin qorunması və süni intellektin rolu barədə məruzələr təqdim edilib. Konfransda xarici alimlərlə yanaşı Türkiyənin ilk astronavtı Alper Gezeravcı fəxri qonaq qismində iştirak edib.
AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabarov konfransda təqdimat ilə çıxış etmişdir. O, kritik informasiya infrastrukturu sahəsi hesab edilən aviasiya sektorunda mümkün kibertəhlükəsizlik təhdidləri və ölkəmizdə kritik informasiya infrastrukturunun kibertəhlükəsizliyi istiqamətində aparılan işlər barədə məlumat verib.