image

AKTA ekspert komitələrinin işinə start verildi

13.06.2024

AKTA ekspert komitələrinin işinə start verildi

 

12 iyun tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) "Təhsil, maarifləndirmə və insan resursları komitəsinin" ilk iclası baş tutub. İclas AKTA-nın qızıl üzvü olan “Code Academy” şirkətinin ofisində keçirilib.

 

AKTA-nın 30-a yaxın üzv şirkətinin nümayəndəsi və fərdi ekspertlərin iştirak etdiyi iclası AKTA İdarə Heyətinin sədri Elvin Balacanov giriş sözü ilə açmış və AKTA tərəfindən yaradılmış ekspert komitələrinin məqsədləri barədə məlumat vermişdir. Daha sonra “Code Academy” şirkətinin təsisçisi və baş icraçı direktoru Ülvi Aslanov iclas iştirakçılarını salamlamışdır. AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabarov tərəfindən sözügedən ekspert komitəsinin məqsəd və hədəfləri, həmçinin fəaliyyət istiqamətləri barədə məlumat verilmişdir. Eyni zamanda ekspert komitəsinin fəaliyyəti ilə bağlı gözləntilər komitə üzvlərinin diqqətinə çatdırılmışdır.

 

İclas zamanı komitə üzvlüyünə müraciət edənlərin iştirakı ilə ekspert komitəsi formalaşdırılmış, komitənin sədr və katibinin müəyyən edilməsi üçün səsvermə keçirilmişdir. Komitənin sədri vəzifəsinə namizədliyini irəli sürmüş “Code Academy” şirkətinin təsisçisi və baş icraçı direktoru Ülvi Aslanov yekdilliklə komitənin sədri seçilmişdir. Komitənin katibi vəzifəsinə təqdim edilmiş iki namizəd sırasından səs çoxluğu ilə “İn4Tech” şirkətinin baş icraçı direktoru Emin Qədimli seçilmişdir. 

 

İştirakçıların müzakirəsi zamanı komitənin diqqət ayırmalı olduğu sahələr üzrə problemlər qeyd edilmiş və onların mümkün həlli yolları barədə müzakirələr aparılmışdır. İştirakçılar ictimaiyyətin kibertəhdidlər barədə maarifləndirilməsi, habelə kadr potensialının gücləndirilməsi istiqamətində ali təhsil müəssisələri ilə sənaye arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində intensiv addımların atılmasının zəruriliyinə diqqət çəkmişlər. 

 

Qeyd edək ki, AKTA İdarə Heyətinin qərarı ilə yaradılmış ekspert komitələri aidiyyəti sahələr üzrə məlumatların paylaşılması, məsələ və problemlərin müzakirə edilməsi, təklif, tövsiyə və sənədlərin hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi məqsədilə AKTA üzvü olan hüquqi şəxsləri təmsil edən ekspertlər və müstəqil AKTA ekspertlərindən ibarət olmaqla müxtəlif mövzular, sektor və texnoloji domenlər üzrə formalaşdırılmışdır. Komitələrin qərarları və təklifləri AKTA-nın fəaliyyətində nəzərə alınır və təqdim edilən təklif və tövsiyələrin əsasını təşkil edir. 

 

Ətraflı: https://akta.az/az/committees