AKTA İdarə Heyətinin növbəti iclası baş tutub

13.03.2024

AKTA İdarə Heyətinin növbəti iclası baş tutub

12 mart tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sayca 10-cu olan növbəti iclası baş tutub. İclas AKTA İdarə Heyətinin üzvü olan Simbrella şirkətinin ofisində keçirilib. 

İclasda AKTA İdarə Heyətinin sədri Elvin Balacanov tərəfindən cari ilin birinci rübünün hesabatı təqdim edilib. Qeyd olunan dövr ərzində maarifləndirmə, təhsil, əməkdaşlıq, tədqiqat və inkişaf istiqamətləri üzrə AKTA tərəfindən görülmüş işlər barədə məlumat verilib və müzakirələr aparılıb.

Görüşdə AKTA üzvlüyünə müraciət etmiş “Secure Future”, “KiberKod”“Allsafe Kibertəhlükəsizlik" şirkətləri İdarə Heyəti tərəfindən AKTA-nın yeni üzvləri kimi təsdiq olunub və beləliklə, AKTA üzvü olan hüquqi şəxslərin sayı 50-ni keçib. Həmçinin, “AKTA Eksperti” meyarlarına cavab verən 9 nəfər mütəxəssisin AKTA-nın fiziki şəxs qismində üzvlüyünə qəbul edilməsinə dair qərar qəbul edilib və beləliklə, AKTA ekspertlərinin sayı 69-a çatıb. İclasda həm fərdi, həm də şirkətləri təmsil edən AKTA ekspertlərinin əməkdaşlıq platforması olan Ekspert Komitələrinin formalaşdırılması qərara alınıb.  İlkin mərhələdə İdarə Heyəti tərəfindən aşağıdakı komitələrin formalaşdırılmasına dair qərar qəbul edilib:

  • Hüquq və ictimai təşəbbüslər komitəsi;
  • Yerli həllər, məhsullar, innovasiya və startaplar komitəsi;
  • Təhsil, tədris və insan resursları komitəsi;
  • Kibertəhdidlərə qarşı mübarizə, texniki məsələlər və prosedurlar komitəsi.

 

Görüşdə AKTA tərəfindən son dövrlərdə aparılan və üzvlərə yönəlmiş bir sıra işlər barədə məlumat verilib. AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabarov kibertəhlükəsizlik məhsul və xidmətlərinin elektron kataloqu barədə iclas iştiakçılarına məlumat verib. Bu kataloqa müraciətlərin qəbul  edilməsi proseduru və AKTA üzvü olan şirkət və təşkilatlar üçün yaradılmış elektron kabinetin imkanları təqdim olunub.

Görüşün sonunda AKTA İdarə Heyətinin üzvləri tərəfindən gələcək fəaliyyət barədə müzakirələr aparılıb və təkliflər səsləndirilib.

Qeyd edək ki, iclasda AKTA İdarə Heyətinin üzvü qismində təmsil olunan “Digitalks Technologies”, “CyberPoint”, “A2Z Technologies”, “Simbrella” və “AzeRobot Education” şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak edib.

© Bütün hüquqlar qorunur 2022 - 2024