Bakıda “Birləşmiş Krallıq Kiber Təhlükəsizlik Sərgisi” keçirilib

04.03.2024

Bakıda “Birləşmiş Krallıq Kiber Təhlükəsizlik Sərgisi” keçirilib

Cari ilin 4 mart tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyinin təşkilatçılığı və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) tərəfdaşlığı ilə Bakı şəhərində “Birləşmiş Krallıq Kiber Təhlükəsizlik Sərgisi” (“UK Cyber Security Expo”) həyata keçirilib.
Birləşmiş Krallığın Azərbaycandakı səfiri cənab Ferqus Old açılış tədbirində çıxış edərək kibertəhdidlərin qlobal xarakter daşıdığını, kiberhücum və texnoloji təhdidlərin yeni formalarına, o cümlədən dipfeyklərə və yalan məlumatların yayılmasına qarşı ayıqlıq nümayiş etdirilməsinin zəruriliyini vurğulayıb. Birləşmiş Krallığın qlobal kiberkəşfiyyat və təhdidlərin təhlili sahəsində qabaqcıl təcrübəyə malik olduğu, ölkədə mütərəqqi mərkəzlərin fəaliyyət göstərdiyi, kibertəhlükəsizlik sahəsində təhsilə böyük diqqət ayrıldığı, habelə Birləşmiş Krallığın kibertəhlükəsizlik üzrə beynəlxalq təşəbbüslərdə fəal iştirak etdiyi və qlobal kibersiyasətə öz töhfəsini verdiyi qeyd olunub. Birləşmiş Krallıq və Azərbaycan arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edən cənab səfir ölkələr arasında yeni kiberəməkdaşlıq dövrünün başlanğıcını və tərəfdaşlığı dəstəkləməyə hazır olduğunu xüsusilə qeyd edib.
Açılış tədbirində çıxış edən AKTA sədri Elvin Balacanov tədbirin təşkilatçılığına və əməkdaşlıqla bağlı təqdim edilən təkliflərə görə Birləşmiş Krallığın ölkəmizdəki səfirliyinə, habelə öz məhsul, həll və təcrübələrini bölüşmək üçün ölkəmizə təşrif buyurmuş Birləşmiş Krallığın sahə üzrə ixtisaslaşmış “Titan Labs”, “TAG International”, “BAE Systems” və “Monarch” şirkətlərinə təşəkkürünü bildirib. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin olunması sahəsində müasir və qlobal təhdidlərlə mübarizənin beynəlxalq əməkdaşlığı, o cümlədən dövlət və özəl sektor subyektləri arasında əməkdaşlığı şərtləndirdiyini qeyd edən AKTA sədri əməkdaşlığın genişləndirilməsinin “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nda da prioritet istiqamətlərdən biri kimi təsbit olunduğunu diqqətə çatdırıb.
Daha sonra, “Titan Labs”, “TAG International”, “BAE Systems” və “Monarch” şirkətlərinin nümayəndələri tərəfindən müvafiq təqdimatlar həyata keçirilib, təqdim olunan məhsul, həll və xidmətlərə dair məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Nahar fasiləsindən sonra isə adıçəkilən şirkətlərlə tədbirdə iştirak edən qurum və şirkətlərin nümayəndələri, habelə AKTA üzvləri arasında B2B formatında görüşlər baş tutub.

© Bütün hüquqlar qorunur 2022 - 2024