Cari ilin 5 iyul tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) “Kibertəhdidlər, prosedur və texniki məsələlər komitəsi”nin ilk iclası baş tutub.
Kibertəhdidlərə qarşı mübarizə üzrə həyata keçirilən fəaliyyətə, habelə kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və informasiya texnologiyaları sahəsində (bundan sonra - müvafiq sahə) mövcud texniki-texnoloji məsələlərin müzakirəsinə, eləcə də sahə üzrə zəruri texniki sənəd və prosedurların formalaşdırılmasına və təkmilləşdirilməsinə dəstək vermək məqsədilə yaradılan ekspert komitəsinin ilk iclasında AKTA-nın inzibati heyəti, AKTA üzvü olan fərdi ekpertlər və üzv şirkətlərin nümayəndələri iştirak edib.
AKTA İdarə Heyətinin sədri Elvin Balacanov iclası giriş sözü ilə açaraq kibertəhlükəsizlik ekosisteminin cari vəziyyəti nəzərə alınmaqla AKTA tərəfindən yaradılmış ekspert komitələri, eləcə də sözügedən ekspert komitəsinin yaradılmasını şərtləndirən amillər və komitənin məqsədi barədə məlumat verib.
Daha sonra, müvafiq sahə üzrə mövcud problemlər və onların mümkün həlli yolları, eləcə də ekspert komitəsinin fəaliyyət istiqamətlərinə dair komitə üzvləri arasında müzakirələr həyata keçirilib. Beləliklə, komitə tərəfindən aşağıdakı istiqamətlər üzrə fəaliyyətin həyata keçirilməsi məqsədəuyğun hesab olunub:
- Müvafiq sahə üzrə kibertəhdid və risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, habelə gələcək təhdidlərin proqnozlaşdırması üzrə fəaliyyətə dəstək verilməsi məqsədilə təhlil və müzakirələrin aparılması;
- Kibertəhdidlərin qarşısının alınması və qabaqlanması, o cümlədən operativ və səmərəli məlumat mübadiləsinin təşkili məqsədilə təkliflərin verilməsi, eləcə də ictimai məlumatlandırma prosesində AKTA-nın fəaliyyətinə dəstəyin göstərilməsi;
- Kiberfəzada dezinformasiya xarakterli məlumatların yayılmasına qarşı həyata keçirilən fəaliyyətə dəstək verilməsi;
- Müvafiq sahənin inkişafı üçün zəruri olan standartların, texniki sənədlərin və prosedurların hazırlanması və təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;
- Müvafiq sahədə fəaliyyətə dəstək verilməsi məqsədilə ictimai dinləmə, görüş və dəyirmi masaların təşkil edilməsi;
- AKTA “Ağ sənədi”nin (“White paper”) formalaşdırılmasına komitənin fəaliyyət istiqamətləri üzrə töhfə verilməsi.
İclas zamanı, həmçinin ekspert komitəsinin sədr və katibinin müəyyən edilməsi üçün komitə üzvləri arasında səsvermə keçirilib. Səsvermə əsasında, “Defscope” kibertəhlükəsizlik şirkətinin təsisçisi və direktoru Vüsal Salmanlı komitənin sədri, AKTA eksperti Ayxan Hüseynli isə komitənin katibi vəzifəsinə seçilib.
Qeyd edək ki, AKTA İdarə Heyətinin qərarı ilə yaradılmış ekspert komitələri aidiyyəti sahələr üzrə məlumatların paylaşılması, məsələ və problemlərin müzakirə edilməsi, təklif, tövsiyə və sənədlərin hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi məqsədilə AKTA üzvü olan hüquqi şəxsləri təmsil edən ekspertlər və müstəqil AKTA ekspertlərindən ibarət olmaqla müxtəlif mövzular, sektor və texnoloji domenlər üzrə formalaşdırılıb. Komitələrin qərarları və təklifləri AKTA-nın fəaliyyətində nəzərə alınır və təqdim edilən təklif və tövsiyələrin əsasını təşkil edir.
Ətraflı: https://akta.az/az/committees