AKTA və “ÖzünÖyrən” tərəfindən ”İnformasiya təhlükəsizliyi” ixtisas proqramı üzrə nümunəvi fənn sillabusları hazırlanaraq universitetlərə təqdim olunub

15.09.2023

AKTA və “ÖzünÖyrən” tərəfindən ”İnformasiya təhlükəsizliyi” ixtisas proqramı üzrə nümunəvi fənn sillabusları hazırlanaraq universitetlərə təqdim olunub

BAKI, 15 sentyabr 2023 – Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və “ÖzünÖyrən” platforması tərəfindən bakalavriat səviyyəsinin "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə keçən il təsdiq olunmuş yeni təhsil proqramının icrası üçün sənayenin müasir tələblərinə cavab verən nümunəvi sillabusların tərtib olunması təşəbbüsünə başlanılıb.

2022-ci ildə Elm və Təhsil Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşəbbüsü ilə ölkənin aparıcı ali təhsil müəssisələrinin və müxtəlif dövlət qurumlarının nümayəndələri ilə yanaşı, dünyanın nüfuzlu universitet və şirkətlərində çalışan azərbaycanlı mütəxəssislər, o cümlədən  AKTA sədri Elvin Balacanov, “ÖzünÖyrən” platformasının həmtəsisçisi Adil Əliyevin iştirakı ilə hazırlanmış təhsil proqramı Azərbaycan Respublikasının elm və təhsil nazirinin 28 İyul 2022-ci il tarixli, F-463 saylı əmri ilə təsdiqlənib.

Universitetlər tərəfindən adıçəkilən təhsil proqramının effektiv tətbiq olunmasına, proqramda öz əksini tapmış bəzi fənnlərin tədrisinin sənayenin müasir tələblərinə uyğun hazırlanmasına dəstək vermək məqsədilə AKTA və “ÖzünÖyrən” əməkdaşları tərəfindən nümunəvi fənn sillabusları hazırlanmış və aidiyyəti universitetlərə təqdim olunub. Məlumat üçün qeyd edək ki, fənnlərin tədrisi ilə əlaqədar yaranmış ehtiyacların müəyyən olunması üçün daha əvvəl müvafiq ali məktəblərdən məlumatlar toplanılıb. Beləliklə, 2023-cü il qış semestri üçün “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri” və “Veb təhlükəsizlik” fənnləri üzrə nümunəvi sillabuslar hazırlanaraq ali məktəblərə təqdim edilib. Sillabusların hazırlanmasında AKTA sədri Dr. Elvin Balacanov, İT hüququ sahəsində ekspert, AKTA-nın tədqiqatçısı Dr. Təbriz Raufoğlu, Microsoft şirkətinin mühəndisi Fərid Əhmədli və Samsung Elektroniks şirkətinin mühəndisi Adil Əliyev iştirak edib.

Adıçəkilən təhsil proqramı üzrə tədrisin həyata keçirilməsinə dəstək verilməsi məqsədilə gələcəkdə digər fənnlər üçün də nümunəvi sillabusların hazırlanaraq müvafiq ali təhsil müəssisələrinə təqdim olunması planlaşdırılıb. Müəllimlər arasında sıx əlaqələrin qurulması, təhsilin tələblərinin yaxından öyrənilməsi və gələcəkdə bu kimi layihələrin müəllimlərlə birgə həyata keçirilməsi məqsədilə müvafiq platforma üzərindən müəllimlər üçün kommunikasiya imkanları da yaradılıb. 

Bu təşəbbüsün tərkib hissəsi olaraq informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində həm bakalavr həm də magistratura pillələrində tədris olunan bəzi fənnlər üzrə yerli və xarici ekspertlərin birgə tərtib etdiyi onlayn kursların da hazırlanması nəzərdə tutulmuşdur. AKTA tərəfindən hazırlanan və həm müəllimlər, həm də tələbələr üçün nəzərdə tutulmuş bu kursların "ÖzünÖyrən" Kütləvi Açıq Onlayn Kurs (MOOC) platforması üzərindən yaxın gələcəkdə ictimaiyyətə təqdim olunması planlaşdırılır.

© Bütün hüquqlar qorunur 2022 - 2024