Xəbərlərə qayıt
Xəbərlər • 22.12.2025

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının 2025-ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının 2025-ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

18 dekabr 2025-ci il tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) 2025-ci il üzrə illik fəaliyyətinə həsr olunmuş hesabat tədbiri keçirilib. Tədbirdə AKTA-nın Ümumi Yığıncağının üzvləri və ekspertləri ilə yanaşı, tərəfdaş qurum və təşkilatlarının, o cümlədən ali təhsil müəssisələri və özəl sektor təmsilçilərinin rəhbər və nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan AKTA İdarə Heyətinin sədri Pənah Musayev iştirakçıları salamlayaraq, 2025-ci il ərzində Assosiasiya tərəfindən həyata keçirilən fəaliyyətin yekunlarına dair ətraflı hesabat təqdim edib. O bildirib ki, hesabat dövründə AKTA-ya üzvlük üçün daxil olmuş 80 müraciətə baxılıb, onlardan 8 hüquqi və 27 fiziki şəxs olmaqla ümumilikdə 35 yeni üzv Assosiasiyanın üzvlüyünə qəbul edilib. Bununla da AKTA üzvlərinin ümumi sayı 168 nəfərə çatıb.

 

Sədr qeyd edib ki, 2025-ci il ərzində AKTA tərəfindən forum, konfrans, seminar, vebinar, yarış və təlimlər daxil olmaqla ümumilikdə 79 müxtəlif tədbir təşkil edilib və bu tədbirlərə 8000-dən artıq iştirakçı cəlb olunub. Bu göstəricilərin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artdığı xüsusi vurğulanıb.

 

Kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edən Pənah Musayev vurğulayıb ki, 60-dan çox yerli və xarici qurum, təşkilat və şirkətlə görüşlər keçirilib və müzakirələr aparılıb. Eyni zamanda, beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə AKTA nümayəndə heyətinin Türkiyə, Qazaxıstan, Moldova, Estoniya və Fransaya işgüzar səfərlərinin təşkil edildiyi bildirilib.

 

Maarifləndirmə və kadr potensialının gücləndirilməsi istiqamətində də mühüm nəticələrin əldə olunduğu qeyd edilib. Belə ki, il ərzində 20 seminar və vebinar, 30 təlim təşkil olunub və bu tədbirlər 4000-dən çox iştirakçını əhatə edib. Bununla yanaşı, təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirildiyi, 20 ali təhsil müəssisəsində kiber klubların yaradılmasına və fəaliyyətinin dəstəklənməsinə töhfə verildiyi vurğulanıb.

 

Daha sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov çıxış edərək, ölkədə formalaşan kibertəhlükəsizlik ekosistemi, bu ekosistemdə dövlət–özəl sektor əməkdaşlığının rolu, AKTA-nın müvafiq sahədə gördüyü işlər və ekosistemin inkişafına verdiyi töhfələr barədə danışıb. Davud Rüstəmov AKTA-nın hər il təqdim etdiyi hesabatın detallı və şəffaf olduğunu xüsusi vurğulayıb. O, həmçinin qlobal miqyasda artan kiber təhdidlər, informasiya infrastrukturunun qorunmasının əhəmiyyəti və bu təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini vurğulayıb.

 

Tədbir çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxş edib, kibertəhlükəsizlik sahəsində kadr potensialının inkişafı barədə danışıblar. 

 

Rəsmi hissənin sonunda AKTA-nın icraçı direktoru Rauf Cabarov AKTA-nın 2025-ci ildə həyata keçirdiyi layihələr barədə danışıb. İcraçı direktor AKTA tərəfindən tədqiqat və inkişaf sahəsində görülən işlərə toxunaraq, hesabat dövründə AKTA tərəfindən beş müxtəlif layihənin uğurla icra edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Assosiasiyanın 2026-cı il üzrə Tədbirlər Planının layihəsini təqdim edib. O bildirib ki, növbəti il ərzində AKTA-nın əsas fəaliyyət istiqamətləri üzrə mütəmadi tədbirlərlə yanaşı, bir sıra yeni və xüsusi formatlı təşəbbüslərin və layihələrin həyata keçirilməsi nəzərdə tutulur. 

 

Tədbirin yekununda Ümumi Yığıncağın üzvləri, eləcə də tərəfdaş qurum və təşkilatların nümayəndələri AKTA-nın 2025-ci il üzrə fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər. Eyni zamanda, 2026-cı il üçün planlaşdırılan fəaliyyətlərə dair müxtəlif rəy və təkliflər səsləndirilib, yeni təşəbbüslər irəli sürülüb.

 

Tədbirdə 2025-ci il üzrə fəaliyyət hesabatı iştirakçıların diqqətinə çatdırılıb. Hesabat sənədini aşağıdakı linkdən əldə etmək mümkündür:

https://akta.az/storage/uploads/documents/HESABAT-AKTA-2025.pdf