image

"Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası" təsdiq edilib

16.01.2025

"Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası" təsdiq edilib

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 yanvar tarixli Fərmanı ilə "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası" təsdiq edilib.

Konsepsiya rəqəmsal texnologiyaların tətbiqi yolu ilə dövlət idarəetməsinin təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və vətəndaşların həyat keyfiyyətinin artırılmasını hədəfləyir.

Konsepsiyada rəqəmsal cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət ayrılmışdır. Qeyd olunur ki, vətəndaş, biznes və dövlətin qarşılıqlı etimad əsasında fəaliyyət göstərdiyi bir mühitdə rəqəmsal inkişafın həyata keçirilməsi üçün xüsusi əhəmiyyət kəsb edən istiqamətlər sırasında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik də var.

Habelə, Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planında digər tədbirlərlə yanaşı informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin olunması ilə əlaqədar tədbirlər müəyyən olunub. Tədbirlər Planına əsasən, rəqəmsal inkişafın təhlili və qiymətləndirilməsi məqsədilə 2025-2026-cı illər ərzində dövlət qurumlarının informasiya təhlükəsizliyinə aid əsas parametrlər siyahısının və məqbul hədlərin müəyyən edilməsi, informasiya təhlükəsizliyi mühitinin diaqnostikası, habelə sahibkarlıq subyektlərinin rəqəmsallaşma səviyyəsinin və informasiya təhlükəsizliyi mühitinin diaqnostikası üzrə fəaliyyət həyata keçiriləcəkdir. Bununla yanaşı, 2025–2027-ci illər ərzində rəqəmsal cəmiyyətə etimad mühitində keçidin təmin edilməsi və rəqəmsal inkişaf üçün zəruri kadr potensialının inkişaf etdirilməsi məqsədilə təhsil müəssisələrində İKT və informasiya təhlükəsizliyi ixtisasları üzrə mütəxəssis hazırlığı ilə bağlı tədbirlərin görülməsi də nəzərdə tutulub.

 

Daha ətraflı: https://static.president.az/upload/Files/2025/01/16/ec2b622f51aa7d16a8d71857b321930d_5390016.pdf