Bakı Mühəndislik Universitetində Azərbaycan Respublikasının Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş” layihəsi çərçivəsində üçüncü seminar təşkil olunub.
Tədbiri giriş sözü ilə açan BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı Vaqif Qasımov mövzunun müasir dövrdə aktuallığından danışıb. Bildirib ki, informasiya təhlükəsizliyi hər bir fərdin, eləcə də ölkənin müdafiə sisteminin ayrılmaz hissəsidir. Həmçinin fakültə daxilində tələbələrin maarifləndirilməsi və biliklərinin artırılması məqsədilə bu kimi tədbirlərin mütəmadi keçirildiyi vurğulanıb.
AKTA-nın Baş katibi Fidan Əhmədova assosiasiyanın həyata keçirdiyi layihələr barədə qısa məlumat verib. O, ölkədə kibertəhlükəsizlik ekosisteminin formalaşması, gənclərin bu sahəyə cəlb olunması və biliklərinin artırılmasının vacibliyini bildirib. Eyni zamanda tələbələri “Kiber klublar”da aktiv iştirak etməyə dəvət edib.
AKTA-nın ekspertləri Rəşad Əliyev və Lalə Kərimova mövzu ilə bağlı təqdimatla çıxış ediblər. Çıxışlarda kibertəhlükəsizliyin əsas prinsipləri, şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə informasiya təhlükələri, hibrid təhdidlərə qarşı mübarizə yolları barədə məlumatlar diqqətə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.