Xəbərlərə qayıt
Xəbərlər • 30.09.2025

Kibertəhlükəsizlik xidmət provayderlərinə dair görüş keçirilib

Kibertəhlükəsizlik xidmət provayderlərinə dair görüş keçirilib

26 sentyabr tarixində Bakı KOB evində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşəbbüsü ilə AKTA üzvü olan şirkətlər ilə görüş keçirilib. Görüşdə Milli Kibertəhlükəsizlik Mərkəzinin məsul nümayəndələri iştirak ediblər.

 

Görüşdə kibertəhlükəsizlik xidmətləri təqdim edən AKTA üzvlərinin sualları və onların fəaliyyətindən irəli gələn məsələlər əsasında müzakirə təşkil olunub. Həmçinin, ölkəmizdə kibertəhlükəsizlik xidmətlərinin təminatı, mövcud çağırışlar və əməkdaşlıq imkanları müzakirə olunub. Şirkətlərin rəhbər şəxsləri öz fəaliyyətləri barədə məlumat verərək, xidmətlərin genişləndirilməsi məqsədilə təkliflərini səsləndiriblər.

 

Milli Kibertəhlükəsizlik Mərkəzinin nümayəndələri kritik informasiya infrastrukturu sahəsində mövcud olan qanunvericilik, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 iyul tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları” barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıblar. Kritik informasiya infrastrukturu sahəsində kibertəhlükəsizlik xidmət provayderlərinin mümkün fəaliyyət imkanları barədə məlumat verilib. 

 

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi sahəsində dövlət və özəl qurumlar (kibertəhlükəsizlik xidmət provayderləri) arasında işgüzar əməkdaşlıq mühütünün yaradılması və kibertəhlükəsizlik ekosisteminin inkişafı məqsədilə qeyd olunan görüşlərin vaxtaşırı keçirilməsi nəzərdə tutulub.