image

Məktəbli və valideynlər üçün növbəti kibergigiyena təlimləri Qəbələdə baş tutub.

06.12.2024

Məktəbli və valideynlər üçün növbəti kibergigiyena təlimləri Qəbələdə baş tutub.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” adlı sosial kampaniya uğurla davam edir. Kampaniya çərçivəsində növbəti təlimlər 5 dekabr tarixində Qəbələ rayonunun Bum qəsəbə Təbriz Yaqubov adına tam orta məktəbin və Vəndam qəsəbə Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbin şagirdləri və onların valideynlərinin iştirakı ilə keçirilib.

Təlimdə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədr müavini Rauf Cabarov, AKTA eksperti və Cybersign şirkətinin rəhbəri Elvin Axundov, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı rəqəmsal mühitdə qarşılaşılan təhlükələr, fərdi məlumatların mühafizəsi və uşaqların hüquqlarının qorunması mövzularında çıxış edərək, görüş iştirakçılarının suallarını cavablandırıb və müvafiq mövzular üzrə ətraflı məlumat veriblər.

Qeyd edək ki, layihənin keçirilməsində məqsəd uşaqlar və valideynləri rəqəmsal texnologiya və resurslardan düzgün və təhlükəsiz istifadə qaydaları haqqında maarifləndirməklə hüquqlarının qorunmasını təmin etməkdir.