Cari ilin 13-14 May tarixləri aralığında Türkiyə Respublikasının İstanbul şəhərində Yeditepe Universitetinin təşkilatçılığı ilə Türk Dövlətləri 1-ci Hüquq Konqresi keçirilmişdir.
Tədbirin açılış mərasimində Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırım, TDT-nin Baş katibinin müavini Ömər Kocaman, TÜRKSOY-un Baş katibinin müavini Sayit Yusuf və digər rəsmilər iştirak etmişdir.
Qazaxıstan, Özbəkistan, Almaniya, Qırğızıstan, İran İslam Respublikası, Türkmənistan, Macarıstan və digər ölkələrdən elmi tezislərin təqdim edildiyi konqresdə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Tədqiqat və İnkişaf şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Təbriz Cəfərov "Dövlət Suverenleyinin tərkib hissəsi olaraq Kibervətən: TDT çərçivəsində əməkdaşlığa dair təkliflər" başlıqlı məruzə ilə çıxış etmişdir. O, məruzəsində kiberməkanın hüquqi xarakteristikasına toxunmuş, virtual fəza kimi kiberməkanın dövlətlərin ərazilərinin tərkib hissəsi olaraq qəbul edilməsinin vacibliyinə diqqət çəkmişdir. Təbriz Cəfərov, təqdimatında qlobal texnologiya şirkətləri ilə hüquqi münasibət kontekstində ittifaq halında hərəkət etməyin əhəmiyyətindən bəhs etmiş və TDT-yə üzv ölkələrin əməkdaşlığı üçün bir sıra mexanizmlər təklif etmişdir.